Suallarla öyrənmə metodu

Suallarla öyrənmə metodu

27 Apr 2022

Çiçero: “Bütün böyük işlər kiçik başlanğıclarla olur” deyib. Əgər ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq istəyirsinizsə, işə sual həll etməklə başlayın. Ümumilikdə 90+90 sualdan ibarət olan ali məktəblərə qəbul imtahanlarında uğur qazanmaq əvvəlcədən həll edilmiş yüzlərlə, hətta minlərlə suallar hesabına əldə olunmuş məlumat və təcrübə ilə bağlıdır. Təcrübə ən vacib amildir. Bəzi insanlar təcrübələri sayəsində bir çox hallarda digər insanlardan öndə olmağı bacarırlar. Milyonların iştirak etdiyi yarışda birinci olmaq istəməzsinizmi? O zaman işə sual həll etməklə başlayın. Bu həqiqi sınağa qədər sizə təcrübə qazandıracaqdır. Sınaqda, suallar qarşısında nə edim? necə edim? deyə tərəddüd edən bir abituriyent olmaq istəyirsiniz, yoxsa özünə inamlı, təcrübə sahibi olan abituriyent?

Heç səyahət etməyi düşünmüsünüzmü?

Xüsusilə əvvələr getmədiyiniz, görmədiyiniz yerləri görmək istəyərsinizmi? Çoxumuz belə bir gəzintini arzulayırıq. Ancaq buna baxmayaraq tərəddüd edirik. Necə gedim? Haraları gəzə bilərəm? Görəsən, gəzməli-görməli yerlərin ən yaxşısı haradır? Mən oraları tapa bilərəmmi? Orada olmaq məni məmnun edərmi? Və s. suallar nəticəsində oraya getməkdən imtina edirik.

Ancaq səyahət etmək, istədiyimiz yerə getmək məcburiyyətində qalsaq nə edərik? Bir dövlət qulluqçusu olsaq və oraya getmək məcburiyyətində qalsaq, bir şagird olsaq və oradakı hər hansı bir məktəbə daxil olsaq, bir satıcı olsaq və oradakı insanlarla alış-veriş etmək məcburiyyətində qalsaq nə edərik? Tez o bölgə haqqında məlumat əldə etməyə başlayarıq. Oraya necə gedə biləcəyimizi, nə kimi çətinliklərlə qarşılaşacağımızı və s. suallara cavab tapmağa çalışacağıq. Biz buna “suallarla öyrənmə” deyəcəyik. “ Suallarla öyrənmə”ni həyata keçirməzdən əvvəl hər hansı bir mövzunu öyrənmək istəyini hiss edirik. Ancaq müxtəlif səbəblər (tənbəllik, təxirə salma və s.) nəticəsində bunu gerçəkləşdirə bilmirik. Ali məktəblərə hazırlaşan bütün şagirdlərin bir məqsədi var: Uğur əldə etmək. Ancaq imtahanda uğur qazanmaq üçün hazırlaşmağın vacib olduğunu bildikləri halda heç də şagirdlərin hamısı yetərincə hazırlaşmır. Çünki hazırlıq onlar üçün məcburiyyət deyil, bir seçimdir. Hazırlaşmağı məcburiyyət olaraq qəbul etsələr, onda hazırlaşarlar. Seçim ixtiyarı özlərində olduğundan şagirdlərin çoxu hazırlaşmamağa üstünlük verirlər.

Ali məktəblərə qəbul imtahanları sizlər üçün gələcəyə açılan bir qapıdırsa, o qapıya gedən  yol imtahana hazırlaşmaqdır. Hazırlaşmaq saatlarla mövzuları şeir kimi əzbərləmək demək deyil, biliklərdən istifadə etmək təcrübəsinə yiyələnməkdir. Təcrübə isə həll olunan sualların miqdarı ilə qazanılır.

Gəlin hekayəmizə qayıdaq. Hekayədəkin şəxs ilk dəfə getdiyi  yerə müəyyən tərəddüdlə gedir. Səhv maşına minməkdən, səhv küçə ilə getməkdən, bir sözlə səhv etməkdən qorxur. Ancaq o yerlərə əvvəllər yolu tez-tez düşən adam bu qorxudan uzaqdır. O, tərəddüd etmədən yola düşər və üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışar, şagird hər hansı bir məktəbə qeyd olunar, satıcı isə alış-verişə başlayar.

Çox sual həll edərək zəngin təcrübə qazanmış şagird də təcrübəli yolçu kimidir. O, heç bir qorxu və tərəddüd hissi keçirmədən sualları daha rahat və asan cavablandırar.

Bəs, cavablandıra bilməsə onda necə olar?

Ali məktəblərə qəbul imtahanı bizim üçün vacibdirsə, bu sual beynimizi məşğul etməlidir. Həll olunmayan sualın cavabını tapmaq üçün bir bilənə müraciət etməliyik. Bu şəxs dostumuz, müəllimimiz ola bilər. Bu halda hər hansı bir mövzunun bir hissəsini öyrənmiş olarıq.

“Suallarla öyrənmə”ni daha fəal və uğurlu bir şəkildə həyata keçirmək istəyirsinizsə aşağıdakılara diqqət yetirin:

-Məqsəd alin məktəblərə qəbul imtahanında uğur qazanmaqdırsa, ali məktəblərin qəbul imtahanlarının tələblərinə cavab verən sualları həll etmək təcrübəsinə yiyələnməlisiniz.

-Sualları, özünüzə müəyyən bir vaxt ayıraraq həll edin. Çünki həqiqi imtahan yalnız biliyinizi deyil, bilikdən istifadə sürətinizi də ölçməkdir. Buna görədə “90 sual üçün 180 dəqiqə vaxt” prinsipinə əsaslanmalısınız.

-Hər sualın imtahanda verilə biləcəyini nəzərə alaraq həll etməyə çalışın. Həll edə bilmədiyiniz və ya səhv həll etdiyiniz sualın düzgün cavabını mütləq öyrənin.

-Hər gün müəyyən miqdarda sual həll etməyə çalışın. Sual həll etmək sizdə bir vərdiş halını almalıdır.

-Sualın aid olduğu mövzunu tapmağa çalışın. Əvvəlcə sizə verilənləri və sizə tələb olunanları düzgün müəyyənləşdirin. Bu, sizin cavabı daha tez və daha doğru bir şəkildə tapmağınızı təmin edəcəkdir.

-Bütün variantları oxumadan doğru olduğuna inandığınız variantı işarələməyin. Çünki bəzi suallar sizdən ən doğru cavabı tapmağı tələb edə bilər.

-Şübhələndiyiniz sual və ya suallar varsa, o suala dərhal deyil, bir neçə başqa sualı həll etdikdən sonar qayıdın.

-Səhv həll etdiyiniz suallardan ötrü ümidinizi itirib bədbin olmayın. Əgər doğru cavabı öyrənsəniz, hər səhv həll etdiyiniz sual sizin üçün bir qazanc olar.

-Həll edə bilmədiyiniz sualları fikirləşərək stress keçirməyin. Çünki hər bir şagirdin həll edə bilmədiyi suallar olur.

-Uzun sualları “uzun sual çətin olur” deyərək oxumaqdan imtina etməyin.

-Doğru cavabı daha tez tapmaq istəyirsinizsə səhv olduğuna inandığınız variantları dərhal ləğv edin. Qalan variantlar üzərində fikirləşin.

İmtahan yaxınlaşdıqca həyəcan da artır. Öyrənmə fəaliyyətinin uğurlu bir şəkildə keçməsi üçün müəyyən dərəcədə narahatlığa ehtiyac vardır. Ancaq aparılan sorğular nəticəsində ali məktəblərə qəbul olan şagirdlərin bir çoxunda həddindən artıq narahatlığa rast gəlinmişdir. Şagirdlər arasında aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, ali məktəblərə hazırlaşan şagirdlərin narahatlığı cərrahi əməliyyatda hazırlanan xəstələrin narahatlığından daha çoxdur. Həyəcan keçirən şagirdlərdə aşağıdakı əlamətlər görünür- sürətli ürək döyüntüləri, ağızda quruluq, səsin qısılması, həddindən artıq tərləmə, üzün qızarması, baş ağrıları və baş gicəllənmələri. Bununla yanaşı fərdi psixoloji əlamətlərə də rast gəlinir. Diqqəti toplaya bilməmək, inamsızlıq, yuxusuzluq, həddindən artıq əsəbilik halları və s. Həyəcan anında qərarsızlıq həddindən artıq çox olur. Bunun səbəbi həyəcanın doğru düşünməyə mane olmasıdır.